AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
Azərbaycanın su ehtiyatları, meliorasiya və su təsərrüfatı kompleksi, onun idarə olunması, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturu və sahənin inkişafı ilə bağlı yerinə yetirilən tikinti və yenidənqurma işləri haqqında qısa məlumat
Azərbaycan Xəzər dənizinin qərb sahilində, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşir. O, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan isə Türkiyə və İranla həmsərhəddir. Əhalisi 9,1 mln. nəfər, ərazisi 86,4 min kv.km-dir. Dünyada mövcud olan 11 təbii-iqlim zonasından 9-na Azərbaycanda rast gəlinir. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr təşkil edir.

Azərbaycan quru iqlimə malik (arid) zonada yerləşdiyinə görə burada kənd təsərrüfatının inkişafı həmişə süni suvarma aparmaqla mümkün olmuşdur. Ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması və əsas əkinçilik bölgələrində torpaqların şorlaşmaya meylli olması meliorasiya və suvarma işlərini zərurətə çevirmişdir. Bununla əlaqədar, geniş miqyaslı meliorsiya və irriqasiya işləri həyata keçirilmişdir.